Lənkəranın ərazisində olan Tarix və Mədəniyyət abidələr haqqında

Məlumat

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə Lənkəranın ərazisində 87 Tarix və Mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdır.
Dövlət qeydiyyatına allınmış abidələrin içərisində Respublika və yerli əhəmiyyətli bir sıra abidələr vardır ki, onlar memarlıq üslubuna, çox qədim tarixə malik olduğuna görə Lənkərana gələn hər bir qonaq və turisti maraqlandırır.
Belə abidələrin bir neçəsi haqqında hazırlanmış məlumat arayış formasında Sizə təqdim olunur.
Seyid Xəlifə türbəsi

Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra müqəddəs adamlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışlar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən, Lənkəranın ərazisində də məskunlaşmışdır. Bu yerlərdən biri də Lənkəran rayonu ərazisində olan qədim kəndlərdən biri Cil kəndidir. El arasında Se Xəlifə, yəni üç xəlifə və ya Seyid Xəlifə ziyarətgahı da bura pənah gətirən müqəddəslərin məzarlarıdır. Deyilənlərə görə bu üç şəxs, məşhur alim, filosof Seyid Camaləddinin, onun atası Seyid Mİr Abbasın və onun əmisi oğlunun məqbərəsidir, lakin burada daha qədim dövrə təsadüf olunan seyidlərin də məzarları vardır. Türbə indiyədək müxtəlif yerlərdən gələn insanlar tərəfindən müqəddəs yer kimi ziyarət olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu ziyarətgah dövlət tərəfindən mühafizə olunur, memarlıq abidələri siyahısına daxil olunmuşdur. Dövlət qeydiyyat nömrəsi 4840-dır.

Kiçik Bazar məscidi

Yerli əhəmiyyətli memarlıq abidəsi olan Kiçik Bazar məscidi 1906-cı ildə inşa edilmişdir. Məscidin inşasına Tağı bəy, Ağa bəy, molla Nəsir və bütün o vaxtkı şəhər camaatı vəsait vermişdir. Məscidin nəccarı usta Rəhim və onun atası olmuşdur. Məscid inşa edilərkən onun yanında Güldəstə adı ilə məşhur olan möhtəşəm minarə olmuşdur. 30-cu illərdə Sovet Hakimiyyəti tərəfindən dinlə mübarizə şüarı altında bu əzəmətli minarə dağıdılmışdır. Məscid özü indiyədək öz əvvəlki görkəmini saxlamış və dövlət tərəfindən mühafizə olunur. Məscidin divarlarının uzunluğu 26 m, eni 10 m, hündürlüyü 8 m, divarın qalınlığı 1 m-dir.

Mir Əhməd xanın yaşayış evi.

1913-cü ildə xan nəslindən olan Mir Əhməd xanın sifarişi ilə Avropadan gətirilmiş memarlar tərəfindən inşa edilmişdir. Burada istifadə olunan bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilmişdir. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikili olmuşdur. Binanın giriş hissəsi pilyastrla əhatə edilmişdir. Pilyastrın yuxarı hissəsində mifoloji fiqurlarla bəzədilmiş konsolların üstündə ikinci mərtəbənin balkonu qurulmuşdur. Burada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi olmuşdur. Hal-hazırda bu möhtəşəm binada Lənkəran Tarix-Diyarşünaslıq muzeyi yerləşir. 4793 nömrə ilə qeydiyyata alınmışdır.

Lənkəran mayakı

1747-1786-cı illərdə tikilməsi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. Sonralar çar hökumətinin Lənkəranın işğalından sonra 1869-cu ildə bu tikiliyə yuxarı hissəsi əlavə olunaraq, mayak kimi istifadə olunmağa başlanmışdır. Mayak Lənkəranın şimal şərq hissəsində yerləşir. Onun görünüş dairəsi 16 mildən artıqdır. Mayakın hündürlüyü fanarının güzgüsünə kimi 30,5 m-dir, fanarla birlikdə 33, 4 m-dir. Mayakdan onun oxşarı olan və onunla eyni vaxtda inşa edilən Dairəvi Qalaya yeraltı yol olmuşdur ki, onun da qalıqları bu günə kimi durmaqdadır. Binanın divarlarının qalınlığı aşağı hissədən 2 m-dən artıqdır. Mayak hal-hazırda Xəzər Dəniz Gəmiçilik idarəsinin tabeçiliyindədir.

Dairəvi Qala (Zindan 4810)

Dairəvi Qala (Zindan) Lənkəran qalası ilə eyni vaxtda 1747-1786-cı illərdə inşa edilmişdir. Qalanın peyki, oxşarı olan ikinci tikili Mayakdır. Deyilənlərə görə İran şahı Nadir şah 1747-ci ildə Lənkərana gəlmiş və buraya Səfəvi nəslindən olan Seyid Abbas Nadir şahın fərmanı ilə Talışın hakimi elan edilmişdir. Elə həmin ildə də buranı möhkəmləndirmək məqsədi ilə bu qalanın inşasına başlanmışdır. Lakin sonradan Nadir şahın ölümündən sonra Seyid Abbas xan öz müstəqilliyini elan etmişdir və bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilmişdir. Hətta Lənkəran qalasının ümumi sahəsi Bakı qalasından demək olar ki iki dəfə böyük olmuşdur. Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynamışdır. Rus qoşunlarının işğalından sonra ümumi qala divarları dağıdılmış və hərbi qala ləğv edilərək, bu möhtəşəm tikili həbsxana kimi istifadə edilməyə başlanmışdır. Deyilənlərə görə Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə dustaqlar bura gətirilirmişlər, bu da bura gətirilənlərin məxfiliyini təmin edirmiş, hətta məşhur adamlardan İossif Stalin də poçt qatarının qarətində tutulduqdan sonra bir müddət burada dustaq olmuşdur. Dairəvi Qala 1970-ci ilə kimi həbsxana kimi istifadə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu ziyarətgah dövlət tərəfindən mühafizə olunur, memarlıq abidələri siyahısına daxil olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin regionların inkişafı proqramında bu abidəyə xüsusi yer ayrılmış və bu abidənin tam bərpası nəzərdə tutulmuşdur, artıq bərpa işlərinə 2006-cı ildən başlanmışdır.

İsa bəyin yaşayış evi (4794)

Hələ inqilabdan əvvəl inşa edilmiş bu möhtəşəm bina Lənkəran şəhər Axundov küçəsi 50-də yerləşir. Lənkəranda ilk çoxmərtəbəli tikililərdəndir, avropa üslubunda inşa olunmuşdur.
Bu binanın tikilməsinin maraqlı tarixçəsi vardır. Belə ki, əslən Bakılı olan isa bəy xanın qızlarından birinə aşiq olur və ona elçi göndərir. Ali savadlı həkim və son dərəcə varlı olmasına baxmayaraq onun Lənkəranda heç bir mülkü olmadığı üçün qızı ona vermirlər. Bu təqdirdə İsa bəy çox az bir müddətdə xaricdən mütəxəssis gətirərək bu əzəmətli abidəni tikdirmiş və özü də Lənkərana köçmüşdür. Yalnız bundan sonra xan öz qızını ona ərə verməyə razılıq vermişdir. İsa bəy Lənkəranda ilk ali savadlı həkim olmuşdur. Repressiya illərində sürgün edilmiş, əmlakı isə müsadirə olunmuşdur. Hal-hazırda bu əzəmətli binada Lənkəran Dövlət Universitetinin əsas korpusu yerləşir.

Şeyx Zahid türbəsi (4838)

Şeyx Zahid türbəsi Lənkəran rayonunun Şıxəkəran kəndinin qədim qəbiristanlığında yerləşir. Burada orta əsr şərqində tanınmış alim, filosof və dini xadim olan Şeyx Zahid ibn Şeyx Əmir Rövşən (1215-1300) dəfn olunmuşdur. Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. O, Əmir Rövşənin oğludur, Zahid ləqəbini isə ona bacarığına görə müəllimi Təbrizli Seyid Camaləddin vermişdir. Şeyx Zahid dövrünün tanınmış şəxsiyyətlərindən olduğu üçün onun təkcə bu ərazidə yox, orta şərqin bütün hissələrində böyük hörməti olmuşdur. Şeyx Zahid öləndən sonra onun vəsiyyətinə əsasən, o, Lənkəranın Siyavurud kəndində (indiki Siyavar kənd) dəfn olunmuşdur. Onun dəfn olunduğu yerdə Səfəvi nəslindən olan Şeyx Heydər tərəfindən türbə ucaldılmışdır. Sonralar bu abidə dəniz səviyyəsinin qalxması nəticəsində dəfələrlə suyun altında qaldığı üçün I Şah Abbas tərəfindən Hiləkəran kəndinə (indiki Şıxəkəran) köçürülmüşdür. Bu abidə indiyədək yerli və ətraf rayonların əhalisi tərəfindən ziyarətgah kimi istifadə olunur. 2006-cı ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov cənablarının köməkliyi ilə burada geniş təmir işləri aparılmış, həmçinin abidənin ətrafı da abadlaşdırılmış və bura yeni yol çəkilmişdir.

 

Ləm. Boladi kəndi (4798)

Lənkəran rayonunun Boladi kəndində yerləşir. XIX əsrdə yayda istidən qorunmaq və istirahət üçün inşa edilmiş dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Bura hətta yay evi də deyilir. Ləmlər ümumən Cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmışlar. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi (sütunları) qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir, bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə ləmlər Cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir.

 

Bəlləbur qalasının qalıqları (4807)

"Cavahirnameyu-Lənkəran " əsərində göstərilmişdir ki, Bəlləbur qalası hələ IV əsrdə Sasan şahı II Şapurun tərəfindən inşa edilmişdir. Qala indiki Lənkəran şəhərindən 9 km uzaqda, hündür bir yerdə yerləşir. Sonralar bu qala xürrəmilərin dayaq məntəqələrindən biri olmuşdur. Hətta buna bəzən Babək qalası da deyilir. Ərəb xilafatına qarşı başlanmış xürrəmilər hərəkatında Babəkin qoşunları burada möhkəmlənmişlər. Bəlləbur qalasının bölgədə olan digər qalalarla gizli yeraltı yolu olmuşdur.